Orxan Fikrətoğlu - Vaxt

Orxan Fikretoglu Vaxt

Tanınmış nasir Orxan Fikrətoğlunun yenicə ictimailəşən “Vaxt” (“Elm” nəşriyyatı) adlı hekayə, povest və kinossenarilər toplanmış kitabını bir qədər “yorulmuş” kimi görünən çağdaş ədəbi məkanı bütün mənalarda yeniləşdirəcək nəşrlərdən hesab etmək olar. Etiraf edim ki, istedadlı söz ustasının yeni kitabını vaxt darlığına baxmayaraq, böyük həvəslə, bir qədər də acgözlüklə oxudum. Təbii ki, bunu həyatımızda, içində olduğumuz hadisələrə yeni və özünəməxsus, həm də gözlənilməz bədii münasibət görəcəyimə inamla etdim. Çünki Orxan Fikrətoğlunu həmişə orijinal və yeni görməyə adət etmişik. Necə ki, bu hissləri bizə son bir qərinədə poeziyada Ramiz Rövşən və Baba Pünhan, musiqidə Vaqif Mustafazadə, Alim Qasımov və Qədir Rüstəmov, rəssamlıqda Səttar Bəhlulzadə və Mircavad Mircavadov, teatr sənətində Tofiq Kazımov və Mehdi Məmmədov, Ədil İskəndərov və Məlik Dadaşov kimi şəxsiyyətlər yaşadıblar. Onların öz missiyalarını duymaları və onun gerçəkləşdirilməsinə vicdanla xidmət etmələri bizi mənəvi aclığa tuş gəlməkdən xilas edib desək, yanılmarıq. Bir həqiqətdir ki, mövzu dairəsi az qala dəyişməz qalan qosqoca dünyanı, onun tərkib issəsi olan ədəbi məkanı məlumlara ancaq çox yeni və fərdi münasibətlə təravətləndirmək mümkündür. Orxan Fikrətoğlunun lap vaxtında nəşr olunan “Vaxt”ı, bizcə, belə nümunələrdəndir. Etiraf edim ki, müəllifin bu kitabda toplanmış çoxsaylı hekayələri, povest və kinossenariləri bir oxucu kimi məni ovqat burulğanına saldı. İç dünyamı bu qədər təzadlı yaşantılarla zənginləşdirən ilk növbədə oxuduqlarımda həqiqət qüvvəsinin duyulası dərəcədə güclü olması idi. Ən müxtəlif və ən adi görünə biləcək hadisələrin şərhindəki bu həqiqət qüvvəsi bədii gücünə, ifadə sərtliyinə görə, haradasa, Mirzə Cəlil, Sabir, Baba Pünhan ruhu ilə anım yaratdı. Orxan Fikrətoğlunun yazdıqlarını forma və üslub cəhətdən sələfləri kimi hansısa, “izm”ə də aid etmək olar, ancaq onun acı reallıqdan, fərdi yaşantılardan və müşahidələrdən qaynaqlandığı birmənalıdır. Özü də bu “yeni-Orxan reallığı” adlandırıla biləcək görüm və ifadə tərzi təqdimatına, məzmun tutumuna görə bir çox hallarda klassik və “ölməz” hesab olunan bir ənənəvi cərəyanın ən çeşidli bədii məziyyətlərindən qat-qat gözlənilməz və təsirlidir. Bu ənənəvi reallıqla irreallığın arasında məhz Orxan Fikrətoğlu təxəyyülünün nəticəsi olan yeni bir bədii məkandır ki, burada insanlar nə özlərini, nə də bizləri daha aldada və riyakarlıq edə, maskalana bilmirlər. Odur ki, oxuduqlarımız eşitdiklərimizdən çox fərqli bir həyat hesabatıdır, bəzəksiz-filansız, pripiskasız... Başqa sözlə desək, nəql olunanlar bu günümüzə tutulan çox sərt bədii güzgüdür. Odur ki, “Vaxt”da toplanan və sözə, əslində isə mənəvi qidaya çevrilənlərə münasibət də, bizcə, başqa cür olmalıdır. Kitabı əlinə alan və oxuyub başa çıxan kəs “Vaxt”ın bizdən nə istədiyini özünə sual etməlidir. Etiraf edək ki, kitabda insana düşünüb-daşınmağa, nəticə çıxarmağa imkan verən, hətta yol göstərən aforizmsayağı ifadələr kifayət qədərdir. Orxan Fikrətoğlu fikir-tövsiyələrini ulu Dədə Qorqudun, filosofun və ilahiyyatçının, Molla Nəsrəddinin layiqli xələfi kimi, mahir bir rəssamın gözü-sözü ilə təqdim edir və yeniliyinə görə oxucusunun təfəkkürünə daxil olur. Çünki Orxan Fikrətoğlunun reallıqdan qaynaqlanan bədii təfəkkürü az qala yenilməz sayılan, başımızın üstündən Domokl qılıncı kimi asılan mentalitetin mənfiliklərini bütün çılpaqlığı ilə sərgiləyir və oxucusunda ən azı onlara qalib gəlmək ümidi oyadır. Fikirlərin çoxunu çıxarmaqla bəlkə kitabı hələ oxumayanları dediklərimizə inandırmaq mümkün olardı. Elə düşünürük ki, buna bir o qədər də ehtiyac yoxdur. Ancaq hər halda, fikrimizi bir-neçə nümunə ilə möhkəmləndirmək pis olmazdı.
Əgər “Yol yerişi vızıltılı, oturuşu yungüldü” deyimində o şairdirsə, “Sakitcə yumurlanıb yatıb. Üstünə örtdüyü içi boş yorğan çiyinləri tərəfdən elə köpürüşüb ki, deyirsən qanadları var” (“Milçək” hekayəsi) və “Torpağı xəmirə döndərdi” (“Təxtu-şəcərə və yaxud Muradəlinin itmiş sevgisi” hekayəsi), “Qız toxum kimi idi. Böyüyürdü.”(“Adsız” hekayəsi), “Katibə yumşaq-yumşaq soyundu. Qıncanıb yumşaq yerişlə ona sarı gəldi. Yerişi dişi tovuz quşunun mövsüm rəqsinə oxşayırdı” (“Bayram şamı”) ifadələrində çox iti müşahidəsi olan rəssamdır... “Yaddaşı ağrıya-ağrıya gözünü döyürdü, hirsi, kini çölə çıxa bılmirdi” (“Cangüdən” hekayəsi) ifadəsində mahir psixoloq hissiyyatı, yaşantısı, “Muradəli Abbasuşağı nəslinin nöqtəsidir” (“Təxtu-şəcərə və yaxud Muradəlinin itmiş sevgisi”) və “İt səsi kəndin sərhədidir” (“Axrestomatik əhvalat” hekayəsi) deyimləri isə fəlsəfi hissiyyatın ifadəsidir.

Similar Post You May Like

Vivo-Book

Yazıçılar (Poets / Поэты)